AZ  |  ENG

 
 

16 iyul 2010

Ağdaşda sahibkarlara güzəştli kreditlər verilmişdir

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbirlərini davam etdirir. Növbəti bu cür tədbir iyulun 16-da Ağdaş rayonunda keçirilmişdir.
Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 350-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kredit almış Ağdaş rayonundakı “Türyancay” MMC-nin südlük istiqamətli 800 başlıq müasir heyvandarlıq kompleksində, Göyçay rayonunda “Paralel” MMC-nin 2 min tonluq soyuducu anbar kompleksində, İsmayıllı rayonunda “Bismak Qida Sənaye” MMC-nin 24 min tonluq və Qobustan rayonunda “İlk Aqrokom” MMC-nin 10 min tonluq taxıl anbarı komplekslərində aparılan tikinti işləri ilə tanış olunmuşlar.
Sonra Ağdaş şəhərində “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri öz işinə başlamışdır.
Tədbiri giriş sözü ilə açan Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Yusifzadə son illər regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində məşğulluğun səviyyəsinin artdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini, həmçinin kənd təsərrüfatının daha da inkişaf etdiyini qeyd etmişdir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, həmçinin 2010-cu il ərzində respublikanın 27 inzibati rayon və şəhəri üzrə prioritet hesab olunan və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi üçün sahibkarlıq subyektlərindən layihələrin qəbulunun davam etdirildiyini vurğulamış, sahibkarları bu layihələrdə fəal iştiraka dəvət etmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin Regionlarla iş sektorunun müdiri Amil Əlili, Bakı Biznes Tədris Mərkəzinin direktor müavini Rahim Mürsəlov ölkə rəhbərliyi tərəfindən özəl bölmənin inkişafına böyük diqqət və qayğı göstərildiyini, regionların tarazlı inkişafının təmin olunmasında dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini vurğulamışlar.
“Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərinin verilməsi mexanizmi ilə bağlı sahibkarlar üçün treninq keçirilmişdir. Treninqdə sahibkarlara biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə ətraflı məlumat verilmiş, sahibkarlara güzəştli kreditlərin alınması proseduru, investisiya layihələrinin tərtib edilməsinə dair minimal tələblər və Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları barədə məlumatları əks etdirən broşürlər və investisiya layihələrinin (biznes-planların) hazırlanmasına dair tövsiyə xarakterli materiallar təqdim edilmiş, sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Ağdaş və ətraf rayonlarda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, qənnadı məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 35sahibkarlıq subyektinə 500 min manatdan artıq güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 75 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərini davam etdirir.

 

geriyə...

Ana səhifə       |       Haqqında       |       Fəaliyyəti       |       Qanunvericilik       |       Beynəlxalq əməkdaşlıq       |       Əlaqə
Sahibkarlığa Kömək Milli Fondu © 2009