AZ  |  ENG

 
 

02 fevral, 2010

Sahibkarlığa Kömək Milli Fondu investisiya təkliflərinin qəbuluna başlayır

Fevralın 1-dən etibarən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, uşaq qidası istehsalının təşkil olunması, südlük cins iribuynuzlu heyvandarlıq komplekslərinin və üzüm emalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinin investisiya təkliflərinin qəbuluna başlayır.
Bununla bağlı, fevralın 2-də Sahibkarlığa Kömək Milli Fondu yeni investisiya layihələrinin təqdimatını keçirmişdir.
Tədbirdə qeyd edilmişdir ki, 2009-cu ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə respublikanın 55 şəhər və rayonu üzrə 2101 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 130 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir. Bu vəsaitin 74 milyon manatını büdcə vəsaiti, 56 milyon manatını isə Fondun xəzinə hesabına qaytarılmış kredit məbləğləri və kredit faizləri təşkil etmişdir. Güzəştli kreditlər əsasən, sənaye məhsulları istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, aqrar sektorun inkişafına təkan verəcək infrastruktur layihələrinə (soyuducu və taxıl anbarları komplekslərinə), kəndli fermer təsərrüfatlarının inkişafı və s. üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş investisiya layihələrinin həyata keçirilməsi nəticəsində 8500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. İnvestisiya layihələrinin 99.2%-i (2085 layihə), yeni yaradılacaq iş yerlərinin isə 94.7%-i (8047 yeni iş yeri) regionların payına düşür.
2009-cu ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlərin verilməsində yeni yanaşmalar tətbiq edilmiş və iri infrastruktur layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi həyata keçirilmişdir. 2009-cu ildə Fond tərəfindən infrastruktur layihəsinin maliyyələşdirilməsinə 47.8 milyon manat güzəştli kredit ayrılmışdır. Bu vəsaitin 31.9 milyon manatı ümumi tutumu 48 min ton olan müasir soyuducu anbar komplekslərinin yaradılması, 15.9 milyon manatı isə ümumi tutumu 199 min ton olan, müasir standartlara cavab verən taxıl anbarı komplekslərinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilmişdir. Bu layihələrin həyata keçirilməsi nəticəsində 1183 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Sonra Sahibkarlığa Kömək Milli Fondunun qəbuluna başladığı yeni investisiya layihələri barədə geniş məlumat verilmişdir.
Bildirilmişdir ki, investisiya təklifləri südlük cins iribuynuzlu heyvandarlıq komplekslərinin (ailə fermer təsərrüfatlarının), kiçik və ya orta həcmli üzüm emalı müəssisələrinin yaradılması, uşaq qidası istehsalının təşkil olunması layihələrini özündə əks etdirməlidir.
Yaradılacaq kompleks və müəssisələr üçün seçiləcək ərazi əlverişli infrastruktura malik olmalı, müasir standartlara cavab verən avadanlıqlar quraşdırılmalı, laboratoriya yaradılmalıdır.
Uşaq qidası istehsalında (qatışıqlar (ana südünün əvəzedicisi), sıyıqlar, südlər, pürelər (ət, tərəvəz), ət yeməkləri, balıq yeməkləri, şorbalar, meyvə püreləri, desertlər (pudinq, yoğurt və s.), peçenyelər, kefir, kəsmiklər, çaylar və s.) yüksək keyfiyyət göstəriciləri (sanitar-texniki, ekoloji və sair) təmin edilməli, həyata keçiriləcək fəaliyyət, o cümlədən aparılacaq tikinti-quraşdırma işləri, kommunikasiya xətlərinə qoşulma və s. müvafiq dövlət qurumları ilə razılaşdırılmalıdır.
Qəbulu elan edilən digər investisiya təklifinə əsasən, minimum 100 başlıq südlük istiqamətli cins iri-buynuzlu heyvandarlıq kompleksi yaradılmalı, bu kompleks yem tələbatının ödənilməsi üçün müvafiq əkin sahəsinə malik olmalı və ya sahibkarın yem istehsalçıları ilə sövdələşmələri olmalıdır.
Kiçik və ya orta həcmli üzüm emalı müəssislərinin yaradılması üzrə investisiya layihələrinə uyğun olaraq, investisiya təklifi ilə çıxış edən sahibkarlar xammal tələbatının ödənilməsi üçün üzüm sahələrinə malik olmalı və ya üzüm istehsalçıları ilə razılaşmalar əldə olunmalıdır.
Optimal müddətdə həyata keçirilməli olan investisiya layihələrinin ümumi dəyərinin ən azı 30%-i sahibkarlıq subyektinin şəxsi vəsaiti, qalan hissəsi isə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilir. Layihələrin maliyyələşdirilməsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və onun törəmə şirkətləri də tərəflərin razılığı əsasında payçı qismində iştirak edə bilər.
Sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət etməlidir. Müvəkkil kredit təşkilatları maliyyələşdirilməsi barədə müsbət qərar qəbul etdiyi investisiya layihələrinə dair məlumatları iki nüsxədə, hər biri ayrı-ayrılıqda möhürlənmiş zərflərdə olmaqla 2010-cu il 1 aprel saat 1800-dək Sahibkarlığa Kömək Milli Fonduna təqdim etməlidir.
Sahibkarlıq subyektlərinin investisiya təklifi zərfləri 2010-cu il 2 aprel tarixində saat 1200-da İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Akt zalında (Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi 88a, 9-cu mərtəbə) açılacaqdır.
Təqdim edilmiş investisiya təkliflərinin ekspertizası və bilavasitə yerində ilkin monitorinqi “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq Fond tərəfindən həyata keçiriləcək və qəbul olunmuş qərarlar 2010-cu il 15 aprel tarixində saat 1200-da İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Akt zalında elan olunacaqdır.
Sahibkarlar əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172, otaq 106
Telefon: (012) 432-39-69, (055) 227-01-36, (055) 229-29-99, (055) 227-01-30
Faks: (012) 434-74-29
e-mail: k.aliyev@anfes.gov.az; a.mammadov@anfes.gov.az
Sonda KİV nümayəndələrinin sualları cavablandırılmışdır.

 

geriyə...

Ana səhifə       |       Haqqında       |       Fəaliyyəti       |       Qanunvericilik       |       Beynəlxalq əməkdaşlıq       |       Əlaqə
Sahibkarlığa Kömək Milli Fondu © 2009