AZ  |  ENG

 
 

12 Fevral 2010

Sahibkarlığa Kömək Milli Fondu 2010-cu ildə ilk tədbirini Bərdə şəhərində keçirmişdir

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyinin həyata keçirilməsi, sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir.
Fevralın 12-də Sahibkarlığa Kömək Milli Fondu 2010-cu ildə “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda ilk tədbirini Bərdə şəhərində keçirmişdir. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 350-dən çox sahibkar iştirak etmişdir.
Əvvəlcə tədbir iştirakçıları Bərdə şəhərində Sahibkarlığa Kömək Milli Fondundan alınmış güzəştli kreditlər hesabına maliyyələşdirilən “Etalon Aqro” MMC və “Rəşad” Kommersiya İstehsalat Firmasının inşa etdirdiyi hər birinin tutumu 10 min ton olan taxıl məhsullarının təmizlənməsi və saxlanılması anbar komplekslərində aparılan tikinti işləri ilə tanış olmuşlar.
Sonra Bərdə şəhərində “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri öz işinə başlamışdır.
Tədbiri giriş sözü ilə açan Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev son illər ərzində qəbul edilmiş dövlət proqramları çərçivəsində Bərdədə görülmüş işlər barədə məlumat vermiş, rayonda istehsal, emal və yeni infrastruktur sahələrinin yaradılmasında sahibkarların xüsusi rolunu qeyd etmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov çıxış edərək ölkə rəhbərliyi tərəfindən özəl bölmənin inkişafına böyük diqqət və qayğı göstərildiyini, sahibkarlığın daha da inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradıldığını bildirmiş, regionların inkişafında dövlət proqramlarının rolu və regionların gələcək inkişaf perspektivləri haqqında tədbir iştirakçılarına məlumat vermişlər.
Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov 2010-cu ildə sahibkarların maarifləndirilməsi sahəsində görüləcək işlər və keçirilməsi nəzərdə tutulan tədbirlər barədə iştirakçıları məlumatlandırmışdır.
Daha sonra Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun 2009-cu ildəki fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, 2009-cu ildə Fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə respublikanın 55 şəhər və rayonu üzrə 2101 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 130 milyon manat güzəştli kreditlər verilmişdir. Bu vəsaitin 74 milyon manatını büdcə vəsaiti, 56 milyon manatını isə Fondun xəzinə hesabına qaytarılmış kredit məbləğləri və kredit faizləri təşkil etmişdir. Güzəştli kreditlər əsasən, sənaye məhsulları istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, aqrar sektorun inkişafına təkan verəcək infrastruktur layihələrinə (soyuducu və taxıl anbarları komplekslərinə), kəndli fermer təsərrüfatlarının inkişafı və s. üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş investisiya layihələrinin həyata keçirilməsi nəticəsində 8500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Sahibkarlığa Kömək Milli Fondunun qəbuluna başladığı yeni investisiya layihələri barədə məlumat verən Ş.Abdullayev bildirmişdir ki, investisiya təklifləri südlük cins iribuynuzlu heyvandarlıq komplekslərinin (ailə fermer təsərrüfatlarının), kiçik və ya orta həcmli üzüm emalı müəssisələrinin yaradılması, uşaq qidası istehsalının təşkil olunması layihələrini özündə əks etdirməlidir. Yaradılacaq kompleks və müəssisələr üçün seçiləcək ərazi əlverişli infrastruktura malik olmalı, müasir standartlara cavab verən avadanlıqlar quraşdırılmalı, laboratoriya yaradılmalıdır.
Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonra sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bərdə, Ağcabədi, Goranboy, Beyləqan, İmişli, Saatlı və Biləsuvar rayonlarında fəaliyyət göstərən 42sahibkarlıq subyektinə güzəştli kreditlər verilmişdir. Bu kreditlər hesabına 100-dən çoxyeni iş yerinin yaradılması nəzərdə tutulur.
Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərini davam etdirir.


geriyə...

 

Ana səhifə       |       Haqqında       |       Fəaliyyəti       |       Qanunvericilik       |       Beynəlxalq əməkdaşlıq       |       Əlaqə
Sahibkarlığa Kömək Milli Fondu © 2009